Tələbə üçün 5 İnkişaf aləti!

3 İyul, 2020

2007-ci ildə könüllü hərəkatına qoşulduğumdan bəri tələbələrlə işləyirəm. İllər keçsə də, gənclərin sualları dəyişmir. Ən çox verilən suallardan birisi isə odur ki, “Biz necə edək ki, inkişaf edək?”

Bu yazıda mən 4 illik bakalavr marafonunun qırmızı lentini görmək üçün tələbələrin istifadə edə biləcəyi 5 alətdən danışacağam. Yazı tələbələr üçün olsa da, həm abituriyentlər, həm də məzunlar yararlana bilər.  

Əvvəlcədən deyim ki, aşağıdakı sıralama şərtidir.

Qeyd: Ölkədə demək olar ki, heç bir ali təhsil verən müəssisə əmək bazarına hazır kadr təqdim etmir. Bu o deməkdir ki, siz hətta universitetdə tədris olunan dərslərdə yaxşı nəticə göstərsəniz belə,  sonda qırmızı lenti görməyə bilərsiniz. Acı, lakin həqiqət.

Bu sadəcə bizim ölkə təhsilinə aid olan problemdir? Xeyr, hətta Amerikada belə universitetlərin təqdim etdiyi məhsul, heç də hər zaman istənilən nəticəyə qarantiya vermir. Səbəblər müxtəlifdir. Əlqərəz, bəs nə edək?

1) İxtisasımıza aid olmayan hər hansı bir ödənişli iş: Kod adı #yoxalənət! Məsələn: ofisiant, satıcı, kassir və s. Bunları yazanda çox vaxt tələbələr ağız büzürlər və deyirlər ki, “Yox, bu bizlik deyil”, lakin düşünürəm ki qeyd etdiyim işlərin müsbət cəhətləri heç də az deyil.

Mən bu istiqaməti əlavə pula ehtiyacı olmayan şəxlərə də tövsiyə edirəm. Niyə? Çünki öz pulun olanda onun dəyərini daha yaxşı bilirsən. İkincisi, real iş mühitində çalışırsan və əsas da ünsiyyət və satış qabiliyyətini inkişaf etdirirsən.

Mənfi: Başlanğıc iş olduğundan, bir çox adamla istəmədiyiniz mühitdə işləməli ola bilərsiniz. Stressi çox ola bilər və həvəsdən tez düşə bilərsiniz. Ona görə də işin çətinliyinə yox, gələcək addımlarınıza fokus olun. 

2) Təşkilatlarda könüllülük: Başlanğıc üçün ən asan tapılan yoldur. Birinci və ikinci kurslar üçün ən yaxşı “start”dır! Bu həm beynəlxalq (AEGEE və AEİSEC tipli), həm də yerli təşkilatlarda ola bilər.  

Müsbət: bu təşkilatlarda siz sizə uyğun gənclərlə tanış olub, özünüzü inkişaf etdirə bilərsiniz. Əlavə olaraq, bir çox fərqli sahədə fərqli bilik və bacarıqlar (misal üçün, beynəlxalq təşkilatlarda dil biliklərinizi) əldə edə bilərsiniz. Sərbəstlik daha çox olacaq.

Mənfi: belə təşkilatlarda idarə heyəti tez-tez dəyişdiyindən strukturlu inkişaf olmaya və "nə tapdınsa, onunla da kifayətlən" söhbəti ola bilər.

3) Dövlət qurumlarında könüllülük: əsasən ASAN Xidmətin başlatdığı bu hərəkatı çox bəyənirəm.

Müsbət: hal-hazırda bir çox dövlət qurumunun könüllüləri var və belə imkanlar tapmaq nisbətən asandır. Burada çalışan könüllülər həmin qurumun işini daxildən görür və işlə sıx təmasda olurlar. Digər üstünlüyü isə işin sistematikliyidir və siz orada nə iş görəcəyinizi (ümumən) əvvəlcədən bilirsiniz.

Mənfi: bürokratiya olar bilər - sizin azadlığınız və iş sahəniz çox geniş olmayacaq. Böyük qurumun iş mexanizmində bir kiçik hissə olacaqsınız və bir müddət sonra öyrənmə və məmnuniyyət hissi itəcək. Yəni iş rutinə çevrilir. Digər problem də odur ki, bəzi qurumlar bunu "bizdə də olsun" prinsipi ilə başlatdığından, könüllülərə iş verə bilmirlər və nəticədə bir müddət sonra proses sadəcə formallıq olaraq qalır.

4) Mentorluq - Son zamanlar çox məhşur, dəbdə olması ilə bir yerdə, effektiv inkişaf alətidir. "Tema" (vurğu birinci hecayadır) odur ki, siz inkişaf etmək istədiyiniz sahədə uğur qazanmış bir şəxs tapırsınız və o adam sizi inkişaf etdirir: yol göstərir, çətinlikləri izah edir, maraqlı tanışlıqlara vəsilə olur, əlinizdən tutur və s. Siz də bunun qarşılığında həmin adama onun işlərində kömək olursunuz və ya sadəcə bunu xidmət olaraq alırsınız. 

Müsbət: effektivdir  və daha qısa zamanda daha yaxşı nəticə ola bilər. Yoxlamışam! 

Mənfi: elə adam tapmaq asan deyil. Nə mənada? Birincisi, elə adam tapsanız belə, o adamı inandırmaq lazımdır ki, sizə vaxt ayırsın. İkincisi, tapdığınız adamların çoxusu bunu sistemli edə bilməyə bilər və yarımçıqlıq ola bilər. Mentorluq üçün mentorun da çalışması və özündə xüsusi bacarıqları inkişaf etdirməsi vacibdir. 

5) Sahə (ixtisas) üzrə təcrübə proqramı: İnanıram ki, ən effektiv alətlərin başında gəlir, çünki sadəcə bu halda siz bilə-bilərsiniz ki, seçdiyiniz sahə sizə uyğundur, ya yox. Misal üçün, mən 4 il beynəlxalq münasibətlər üzrə oxudum və marağım da var idi, lakin o sahə üzrə praktikadan sonra anladım ki, mənlik deyil. Bir çox şəxsin bakalavr sonunda nə edəcəyini bilməmə səbəbi öz sahəsi (oxuduğu və ya marağı olan) üzrə təcrübəyə malik olmamasıdır.

Əlavə - öz sahəmizlə bağlı olmayan təcrübə proqramı: yuxarıda marağınız olan sahə barədə yazdım, bəs yaxşı hər hansı digər sahə olsa, necə? Sevdiyim #yoxalənət fəlsəfəsi deyir ki, əgər daha yaxşı seçimin yoxdursa (başqa təcrübə proqramı yoxdur və digər fəaliyyətlərin xeyiri gözlənilmir), onda yoxlamaq olar. Ən azı, real iş mühitində çalışıb, real işlər görəcəksən (printerə kağız yükləmək sayılmır). Ola bilər ki, orada çalışdıqdan sonra sahənizi dəyişmək qərarına gələsiniz. Mənfisi odur ki, oyuna bilə-bilə 0-1 hesabı ilə başlayırsınız, çünki marağımız ora deyil. Belə baxanda 3 ay dözüb hər addımımızda nələrsə öyrənməyə çalışsaq, bunu da müsbət bir təcrübə kimi qeyd edə bilərik.

Sonluq: hər bir halda dayanmaq və gözləmək lazım deyil. 4 il bir göz qırpımı kimi keçəcək, ona görə də bunlardan sizə uyğun olanları seçin və axtarışa başlayın. Ovçu ovda gərək!

 
Share Post :