Nəyə görə yeməyi ofisiant seçməli deyil və ya necə qərar verək?

7 İyul, 2020

Təsəvvür edin ki, post-korona dövrü. Bir restorandayıq. Siz və yoldaşınız oturmusunuz və ofisiant sevincək şəkildə sizə yaxınlaşır. "Xoşbeş"-dən sonra ən çətin və vacib sual gəlir -  “nə sifariş etmək istəyirsiniz?” 

Siz isə qabağınızda olan bir neçə səhifəlik menyuya baxırsınız, yoldaşınıza baxırsınız, ofisianta baxırsınız və sonda "Xanım (Bəy), yeməyə nəyiniz var, ümumiyyətlə? Nə məsləhət görürsünüz? Lülə kabab, yoxsa qutab (misal üçün)?" deyə soruşursunuz. Gözünə döndüyüm ofisiant da əhvalından, mətbəxdə olan ərzaqdan, yer kürəsinin Marsla olan düzülüşündən asılı olaraq, sizə hər hansı bir yeməyi tövsiyə edir. Bəs tövsiyə olunan yemək sizin ağız dadınıza və gözləntilərinizə nə qədər uyğun olur? Bir Allah bilir. 

Niyə bu hekayə ilə başladım? Mən neçə ildir ki, karyera məsləhətçisi kimi fəaliyyət göstərirəm. Son iki ildə mənə, bəlkə də yüzlərlə sorğu gəlib və ən çox rastlaşdığım suallar iş (ixtisas) seçimi və xaricdə təhsil mövzularına aiddir. Maraqlısı odur ki, bir çox müştəri ilə görüşdə mən məhz yuxarıda təsvir etdiyim mənzərə ilə qarşılaşıram, metaforik olaraq: nə istədiyini dəqiq bilməyən müştəri və məsləhəti alınan bir xidmət təmsilçisi. Misal üçün: “21 yaşım var. GPA 80, İELTS 6.5-dir. Mən harada və hansı sahədə oxuya bilərəm? ya "İngilis dili müəllimliyini bitirmişəm, amma marağım yoxdur. Neyniyim?”  Restoran misalına təcrümə etsək bu gənclər deyir ki, “bəs biz acıq və filan qədər pulumuza var, nə yeyə bilərik?”

Soruşa bilərsiniz ki, “Bəs problem nədir? Adı üstündə, məsləhət xidməti göstərirsiniz də. Pulunu al, sözünü de!” Bəli, düzdür, lakin qərarlar bu qədər sadə verilmir.

 

Bəs problem nədir?

Bir yeməyi öz ağız dadımıza, sevdiyimiz ya sevmədiyimiz ərzaq növlərinə, büdcəmizə və gözləntimizə uyğun seçdiyimiz kimi, həyatda da bütün qərarları hansısa spesifik meyarlara arxalanaraq verməliyik.  Misal üçün, xaricdə təhsil mövzusunda siz qərar verməmişdən əvvəl nəzərə almalı olduğunuz N qədər meyarlar var:

- təhsil alma səbəbiniz

- təhsildən sonra planınız

- VİSAnız: dəyər, maraq, bacarıq və təbii istedadlarınız

- digər məqsədləriniz

 

VACİB: Nəzərə alın ki, hər qərarımıza fərqli meyarlar təsir edir. Ona görə də kimdənsə məsləhət alanda belə o şəxs sizi daha yaxşı tanımalı və sizin ehtiyac və gözləntilərinizə uyğun bir plan tərtib etməkdə kömək etməlidir. 

Əgər hər hansı peşəkardan xaricdə təhsil və ya karyera dəyişikliyi (ya planlaması) ilə bağlı yol məsləhəti alırsınızsa və qarşı tərəf sizə suallar vermədən hər hansı yolu məsləhət görürsə onda qaçın. Niyə? Həmin şəxs o seçimi öz prizmasından edəcək. Ət yeməyini sevməyən şəxsin plov seçəcəyi kimi, xaricdə təhsildə də "əsas nəticədir, yoxa lənət, nə olur olsun" düşüncəsi ilə seçilən universitet sizin "əla təhsil" gözləntilərinizə uyğun olmaya bilər. Siz isə  kor-peşman 3-5 Instagram şəkili ilə evə qayıdacaqsınız. 

 

Mən demirəm ki, məsləhət almayın. Alın, lakin iki məqama fikir verin:

- məsləhət verən adamın bu sahədə təcrübəsinə (danışdığı mövzunu nə qədər yaxşı bilir)

- məsləhət verən adamın niyyətinə (məsləhəti hansı məqsədlə verir: kömək etmək istəyir və ya sındırmaq istəyir (nəzəri olaraq))

- sizə bu prosesdə verdiyi suallara diqqət yetirin

 

Sonluq əvəzi: Bizim cəmiyyətdə ümumən sorğulama problemi var və məsələ sadəcə xaricdə təhsil mövzuları ilə kifayətlənmir. Toy kasetində gördüyümüz şəxslə ailə qurduğumuzda, ixtisası papanın əsgərlik yoldaşının tövsiyəsi, magistraturanı alacağımız universiteti isə sevdiyimiz futbol klubununa görə seçdiyimizdə nəticələr heç də istədiyimiz kimi olmaya bilər. Bu isə digər yazının mövzusudur deyəsən. 

Hər bir halda, məsləhət almaq nə qədər yaxşı bir şey olsa da, onları alıb, dəyərləndirib öz seçiminizi etmək də, bizi inkişaf etdirir. Xoş seçimlər!

 
Toğrul
Share Post :